Yarım ildə “Azərsu”ya müxtəlif məsələlərlə bağlı 36,5 minədək müraciət ünvanlanıb
Bakı, 21 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 36 min 489 müraciət olunub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 16 min 924-ü “ASAN Kommunal”, 19 min 565-i isə “ASAN xidmət” mərkəzlərində qeydə alınıb. Ötən dövrdə vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart-kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri ilə bağlı müraciətlər edib.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin mayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 340 minədək müraciət olunub.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakının Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən, Tovuz və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil edilib.