“Yaşıl iqtisadiyyat” ekoloji düşərgəsi davam edir
Bakı, 3 avqust (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun, İDEA kampaniyasının, “Təbiət Elmləri” İctimai Birliyinin dəstəyi ilə “İrəli” İctimai Birliyinin (İB) yaşıllar klubunun “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil etdiyi “Yaşıl iqtisadiyyat” ekoloji düşərgəsi avqustun 3-də davam etmişdir.
“İrəli” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilk paneldə İDEA kampaniyasının layihələr üzrə əlaqələndiricisi Surxay Novruzov “Tullantıların idarə olunması” mövzusunda təqdimat keçirmişdir. İştirakçılara tullantıların azaldılması, təkrar istifadə, çeşidlənmə, bərk məişət tullantıları anlayışı, tullantıların idarə olunmasının ekoloji əsasları haqqında geniş məlumat verilmiş və mövzu ilə bağlı ekoloji oyun keçirilmişdir.
“Təbiət və səmərəli texnologiya” mövzusunda panelin qonağı “Təbiət Elmləri” İctimai Birliyinin sədri Rövşən Әkbərov isə təbiətdəki texnologiyalardan bəhs etmişdir. Təlimçi çıxışında təbiəti qorumağın yalnız onu tanımaqla mümkün olduğunu bildirmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya parkına ekskursiya edən düşərgə iştirakçılarına parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin becərilmə üsulları haqqında geniş məlumat verilmişdir. Onlar parkın istehsalat fəaliyyəti ilə əyani tanış olmuşlar. Bundan əlavə, iştirakçılar ekologiya parkında quraşdırılan külək generatorları, günəş batareyaları və digər texnologiyalar barədə məlumatlandırılmışlar.