“Yaşıl Marafon” çərçivəsində bir gündə ölkə ərazisində 18 min 574 ədəd ağac əkilib
Bakı, 3 noyabr, AZƏRTAC
Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş təşəbbüslərə Azərbaycan genişmiqyaslı ağacəkmə tədbirləri ilə dəstək verib.
Belə ki, bir gün ərzində ölkə ərazisində ümumilikdə 18 min 574 ədəd müxtəlifcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 1,5 hektar sahədə toxum səpilib.
Bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O qeyd edib ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu gün nazirliyin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə Ağstafa, Xaçmaz, Siyəzən, Gədəbəy, Tərtər, Şamaxı, İsmayıllı, Sabirabad, İmişli, Göygöl rayonlarında və Bakı şəhəri Xocasən gölü ətrafında ağac əkini həyata keçirilib.