“Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına Dövlət Gömrük Komitəsi də qoşulub
Bakı, 4 aprel, AZƏRTAC
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu gün Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya komitənin əməkdaşları da qoşulub. Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, DGK-nın sədri Səfər Mehdiyev də iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 2 hektar ərazidə 1600-dən artıq müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.