Yaşlı sakinlər onu ümidlə gözləyirlər...
Bakı, 15 aprel, AZƏRTAC
Almaz Tağıyeva həyat yoldaşı Teymurla Nəsimi rayonunda A.Mirqasımov küçəsində yaşayır. Onun 70, həyat yoldaşının isə 74 yaşı var. Ailənin yeganə qızı 20 ildir ki, İngiltərənin Oksford şəhərində yaşayır.
Xüsusi karantin rejimi tətbiq olunanda onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə zəng edərək sosial ehtiyaclarının ödənməsi üçün sosial işçi ayrılmasını xahiş ediblər.
AZƏRTAC xəbər verir ki, karantin rejimi tətbiq olunan ilk gündən onlara xidmət göstərmək üçün təcrübəli sosial işçi Rumiyyə Nəcəfovanı ayırıblar.
Almaz Tağıyeva karantin müddətində onlara göstərilən qayğıdan razılıq hissi ilə danışıb: “Həyat sınaqlarla doludur. İndi üzləşdiyimiz koronavirus pandemiyası və ona yoluxmamaq üçün apardığımız mübarizə də bir sınaqdır. Mən uzun illər müəllim işləmişəm və çoxillik təcrübəmə əsasən deyə bilərəm ki, əslində kimin kim olduğu məhz belə çətin və ağır günlərdə sınanır. Xoş günün dostu çox olar, amma belə gündə heç də hamı həyatını risk altında qoyaraq köməyə tələsmir. Bizə ayrılan Rumiyyə xanım son günlər ərzində iki dəfə bizə ünvanlanan yardımı çatdırıb, bir neçə dəfə bizim xahişimizlə aptekə və ərzaq mağazasına gedib. Ömrümüzün ixtiyar çağında göstərdiyi bu qayğıya görə ona çox böyük minnətdarlıq edirəm”.
Nəsimi rayonun Ş. Əzizbəyov küçəsində yaşayan Bəhram Mustafabəyli də onun xidməti haqqında xoş sözlər deyib: “Xüsusi karantin rejimi tətbiq olunmamışdan əvvəl həyat yoldaşım nəvələrimizi görmək üçün Şəkiyə gedib, evdə tək qalmışam. Yaşımla əlaqədar küçəyə-bacaya çıxa bilmirəm. Rumiyyə xanım dəfələrlə mənim xahişimlə bazara, mağazaya gedib, verdiyim siyahıya əsasən lazım olan ərzaqları alıb evə çatdırıb. O, pensiyamı alıb, poçta gedərək aylıq telefon pulumu ödəyib”.
Nəsimi rayonunda tək yaşayan digər ailələrin nümayəndələri də Rumiyyə xanımın sosial işçi kimi nümunəvi xidmət göstərdiyini söyləyirlər.
Rumiyyə xanım deyib: “İnsanlara xidmət göstərmək, onların qayğılarını yüngülləşdirmək bizim borcumuzdur. Xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmağı qadağan edildiyinə görə gücləndirilmiş iş rejimində işləyirik. Mövcud vəziyyətdə yaşı 65-dən yuxarı tənha yaşayan şəxsləri evlərində gündəlik sosial xidmətlərlə təmin etmək də bizə həvalə olunub. Nəsimi rayonunda tənha yaşayan doxsan yaşlı sakinə qulluq göstərirdim. Xüsusi karantin rejimində daha bir neçə yaşlı sakinə xidmət göstərmək də mənə həvalə olunub. İmkan daxilində onların sosial, dükan-bazar ehtiyaclarını ödəməyə çalışıram”.
Həmsöhbətimiz Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamının xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsi olduğunu bildirib: “Dövlət başçısının bu qayğısı isə pandemiya təhlükəsi ilə üzləşdiyimiz günlərdə bizim əməyimizə verilən yüksək dəyər nümunəsidir. Göstərilən qayğı, əməyimizə verilən yüksək dəyər üzərimizə məsuliyyət yükü də qoyur. Xidmət göstərdiyimiz sakinlərin rahatlığı və qlobal epidemiyaya yoluxmaq təhlükəsi yaşadığımız günlərdə onların qayğılarını yüngülləşdirmək üçün mümkün olan hər şeyi etməyə çalışacağıq”.
Başqasına kömək etmək, yardım əli uzatmaq, kiminsə qayğısını yüngülləşdirmək insanlıq və vətəndaşlıq borcumuzdur. Ağır və çətin günlərində bu yükün altına girmək isə ikiqat məsuliyyətlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində sosial xidmət sektorunda sosial xidmətçi kimi çalışan Rumiyyə Nəcəfova isə iş gününün axırında nə qədər yorğun olsa da, bunu heç vaxt büruzə vermir: çünki o, öz sevincini başqalarının rahatlığında tapır...