“YEDDİ MAHİR” YENİ CAZ KOLLEKTİVİDİR
Bu gəncləri caz sənətinə məhəbbət hissi birləşdirmişdir. “Yeddi mahir”in saksofonçular kollektivinə çevrilməsinə isə ansamblın bədii rəhbəri, tanınmış musiqiçi Arif Cahangirov kömək göstərmişdir. Onu haqlı olaraq Azərbaycanda peşəkar saksofon məktəbinin banisi sayırlar. Məşhur Moskva məktəbində və Qnesinlər adına İnstitutda klassik təhsil alan A.Cahangirov Azərbaycanın aparıcı estrada kollektivlərində çalışmış, beynəlxalq müsabiqələr laureatı olmuşdur. Onun səyləri sayəsində Bakı Musiqi Akademiyasında artıq altıncı ildir saksofon sinfi fəaliyyət göstərir. A.Cahangirov həm burada, həm də Bülbül adına ixtisaslaşdırılmış musiqi məktəbində dərs deyir.
O, öz ansamblı, onun istedadlı üzvləri barədə fəxrlə danışır. 13 yaşlı skripkaçı Səfurə Əlizadə və Ayan Əliyeva cəmi yarım il əvvəl musiqi ilə məşğul olmağa başlamışlar. Zaur Mirzəyev və “Bəri bax” ansamblının üzvü Fuad Mailov Konservatoriyanın tələbələridir, Eldar Əbilov Bülbül adına məktəbin məzunu, Elçin Hüseynov isə Neft Akademiyasının birinci kurs tələbəsidir. Qrupun ən yaşlı nümayəndəsi Samir Əliyev Dövlət Simfonik Orkestrində faqotda çalır.
Mütəxəssislərin və təqdimat iştirakçılarının fikrincə, ansambl artıq formalaşmışdır. Kollektiv ilk konsertə cazın geniş yayılmış “Menstrim” üslubunda kompozisiya hazırlamışdır. Konsert sürəkli alqışlarla qarşılanmışdır.
İndi kollektiv məsul beynəlxalq çıxışa – ənənəvi Bakı caz festivalına hazırlaşır. Ansambl iyunun 21-22-də festival çərçivəsində Opera studiyasının səhnəsində “Gənc musiqiçilər”in konsertində iştirak edəcəkdir.