“Yeni adlar” layihəsi çərçivəsində konsert proqramları davam edir
Bakı, 28 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin ötən ilin yazından həyata keçirdiyi “Yeni adlar” layihəsi maraqlı konsert proqramları ilə davam edir. Müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin yetişməsində və tanınması məqsədi daşıyan layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşıb.
Konsertdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Ümidə Abbasova və Denis Həsənov (hər ikisi violin) çıxış ediblər.
Ümidə Abbasovanın ifasında F.Mendelsonun “Violin və orkestr üçün 18 nömrəli konsert” (mi minor, op.64, 3 hissədə), Denis Həsənovun təqdimatında isə D.Şostakoviçin “Violin və orkestr üçün 1 nömrəli konsert” (lya minor, op.77, 4 hissədə) əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.