Yeni Azərbaycan Partiyası yarandığı gündən cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
Zaqatala, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) xalqın istək və arzularının təcəssümünün, onun iradəsinin ifadəsi kimi, tarixi zərurətdən yaranan bir partiyadır. Bu partiya ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapıb, onun müdrik şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənib, ölkəmizin ictimai-siyasi həyatında mühüm mövqe tutub. Yarandığı gündən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi sahədə çox mühüm işlər görüb, cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə noyabrın 19-da YAP Zaqatala rayon təşkilatının təşkilatçılığı ilə keçirilən konfransda səsləndirilib.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini, həmçinin Şəhidlər xiyabanını və Zəfər Kompleksini ziyarət ediblər.
Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Konfransı YAP Zaqatala rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Habil Qurbanov açaraq, partiya üzvlərini YAP-ın yaranmasının ildönümü münasibətilə təbrik edib. Bildirilib ki, bu gün YAP nəinki ölkəmizin, eləcə də regionun aparıcı siyasi təşkilatı kimi böyük nüfuz qazanıb. Ötən 29 ili bir-birindən əhəmiyyətli uğurları ilə zənginləşdirən Yeni Azərbaycan Partiyası əbəs yerə ümumxalq partiyası kimi dəyərləndirilmir. Partiyanın yarandığı vaxtdan bu günədək tutduğu siyasi xəttə, mövqeyə sadiqlik nümayiş etdirməsi onun gələcəyinə olan inamı günbəgün artırır.
Tədbirdə YAP Zaqatala rayon təşkilatının fəalları Tahir Məmmədov, Famil Rəhimov, Xuraman Şabanova, Elbrus Məmmədov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.
Konfransda çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə partiyanın yarandığı günün - 1992-ci il noyabrın 21-nin ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. "Dünənin, bu günün, gələcəyin partiyası" olan YAP müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu.