YENİ AZƏRBAYCAN PARTİYASINDA ÇİN XALQ RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri Li Fanlinin başçılıq etdiyi nümayəndə heyəti ilə partiyanın mərkəzi qərargahında görüşmüşdür.
Görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əmakdaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Tanışlıq xarakteri daşıyan görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları, münaqişənin sülh yolu ilə həlli istiqamətində rəsmi Bakının səyləri, Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edən islahatlar, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti, məqsədi və məramı barədə geniş məlumat verilmişdir.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjou, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı görüşdə iştirak etmişlər.