DÜNYA
Yeni batareya sayəsində telefonların qalınlığı plastik kartlardakı kimi olacaq
Stokholm, 19 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Çalmers Texnologiya Universitetinin isveçli tədqiqatçıları həm yükə davamlı struktur kimi, həm də enerjinin saxlanması üçün istifadə edilə bilən struktur batareya işləyib hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, karbon lifindən hazırlanmış akkumulyator alüminium kimi möhkəm olsa da, çəkisi ondan xeyli azdır.
Tədqiqatın nəticələri “Advanced Materials” elmi jurnalında təqdim olunub. Akkumulyator mobil telefonun korpusunu, avtomobilin damını və hətta təyyarənin korpusunu əvəz edə bilər. Bu materialdan hazırlanmış batareya elementi tükdən təxminən üç dəfə qalındır və tədqiqatçıların fikrincə, nəzəri olaraq mobil telefonları kredit kartları qədər nazik edə biləcək.
“Mobil telefonu və ya daha az enerji tələb edən başqa bir şey üçün bu batareyalar dərhal istifadə edilə bilər, sadəcə olaraq kimsə onlara ehtiyac olduğunu görüb sərmayə qoymağa hazır olmalıdır”, - deyə Çalmersdə materialşünaslıq üzrə professor Leyf Asp bildirib.
Elektrikli nəqliyyat vasitələrinə gəldikdə, tədqiqatçıların sözlərinə görə, hazırda karbon lifli batareyadan kifayət qədər enerji əldə etmək mümkün deyil.
Bununla belə, Asp hesab edir ki, elektrik avtomobilləri yaxın gələcəkdə bu texnologiyadan yararlana biləcək. Avtomobil akkumulyatorları təkcə mühərrikləri deyil, həm də stereo, iqlim və işıqlandırma sistemlərini də qidalandırır, bu da elektromobillərin yürüşünə təsir edir.