YENİ LAYİHƏ SOSİAL DİALOQUN TƏŞƏKKÜLÜNƏ DƏSTƏK VERƏCƏKDİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilmiş maliyyə yardımı müsabiqəsində iştirak etmiş və “Sosial tərəfdaşlıq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi” layihəsini həyata keçirməyə imkan qazanmışdır.
ASK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin əsas məqsədi sosial dialoqun regional, sahə və müəssisə səviyyəsində təşəkkül tapmasına dəstək verməkdir.
Layihə çərçivəsində Şirvan şəhərində dəyirmi masa və seminarların keçirilməsi planlaşdırılır ki, bu da sahibkarlara sosial dialoqun aparılmasında praktiki vərdişlərin qazanılması üçün imkan yaradacaqdır.
Bundan əlavə, “Sosial dialoq üzrə sahibkarın məlumat kitabçası”nın hazırlanması nəzərdə tutulur. Məlumat kitabçasında sosial dialoqun mahiyyəti, qanunvericilik bazası, sosial dialoq siyasətinin hazırlanması üzrə beynəlxalq təcrübə, Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və tövsiyələrindən çıxarışlar və s. öz əksini tapacaqdır.
Tədbirlərə 40 nəfərdən artıq sahibkar və digər maraqlı tərəfləri təmsil edən nümayəndələr cəlb olunacaqdır.