“YENİ MÜSAVAT” ERMƏNİLƏRİN ÇALDIĞI HAVAYA OYNAYIR
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Ukraynaya uğurlu dövlət səfəri də müxalifət mətbuatı tərəfindən bu cür qarşılanmışdır. “Yeni Müsavat” qəzeti 2004-cü il 9 iyun tarixli 147-ci sayında dərc etdiyi “Hakimiyyətin növbəti yalanı da ifşa olundu. Kuçmanın sözləri təhrif edilib” sərlövhəli iftira yazısını qara haşiyədə belə bir çıxarışla dərc edib. “Ukrayna Prezidenti Ermənistanı təcavüzkar adlandırmayıbmış...”
Bəs əsl həqiqət necədir? Xəbər verdiyimiz kimi, həmin səfər çərçivəsində Azərbaycanın və Ukraynanın dövlət başçılarının birgə mətbuat konfransında Prezident Leonid Kuçma Azərbaycan jurnalistinin sualına cavabında demişdir: ”Mən öz çıxışımda dedim ki, bizimlə Azərbaycan arasında həm ikitərəfli səviyyədə, həm də müasir dünya məsələləri, Qarabağ münaqişəsi də daxil olmaqla, beynəlxalq aləmdə mövcud olan problemlər üzrə heç bir fikir ayrılığı yoxdur. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal altındadır, 750 min azərbaycanlı yurdsuz-yuvasız qalmışdır. Bu, insanların çox böyük faciəsidir. Biz ərazi bütövlüyü prinsipini həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bu baxımdan bizim bu problemə heç vaxt başqa bir münasibətimiz olmamışdır və olmayacaqdır. Zənnimcə, vaxt sizin xeyrinizə işləyir”.
İyunun 3-də İNTERFAKS-UKRAYNA agentliyi həmin mətbuat konfransı haqqında “Kuçma Dağlıq Qarabağın Azərbaycanın tərkibinə tezliklə sülh yolu ilə qaytarılmasına tərəfdardır” sərlövhəli xəbər yaymışdır. Xəbərdən aşağıdakı sitatı olduğu kimi oxuculara təqdim edirik: ”Ukrayna və Azərbaycan prezidentlərinin birgə mətbuat konfransında Leonid Kuçma bəyan etmişdir: “Həqiqəti olduğu kimi demək lazımdır. 750 min azərbaycanlının haradasa özünə sığınacaq tapmağa məcbur olması, sadəcə, faciədir – insanların çox böyük faciəsidir”...”Ukrayna Azərbaycanın ərazi bütövlüyü prinsipini həmişə dəstəkləmişdir və dəstəkləyəcəkdir”.
Rusiyanın Miqnews.com.ua İnternet saytı həmin tarixdə “Kuçma: həqiqəti olduğu kimi demək lazımdır” sərlövhəli informasiyasında yazmışdır: ”Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir və dəstəkləyəcəkdir. Dağlıq Qarabağ probleminin həllinə başqa baxış olmayıb və yoxdur”.
Prezident Leonid Kuçma Azərbaycan ərazisinin 20 faizdən çoxunun Ermənistanın işğalı altında olduğunu qeyd edərək vurğulamışdır ki, “həqiqəti olduğu kimi demək lazımdır”.
Onun sözlərinə görə, “750 min azərbaycanlının haradasa özünə sığınacaq tapmağa məcbur olması insanların bu vaxtadək yaşadığı çox böyük faciədir”.
Prezident Leonid Kuçmanın həmin mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediyi fikirlərin xarici KİV-lərin elə o günlərdə yaydığı xəbərlərdən gətirdiyimiz bu sitatlar Azərbaycanın dağıdıcı müxalifət mətbuatının aşkar düşmənçilik mövqeyini bir daha açıb göstərir.
Ermənipərəst REGNUM agentliyinin iyunun 8-də yaydığı uydurma xəbər əsasında “Yeni Müsavat”ın hazırladığı cızma-qaranın ahəngindən görünür ki, “Yeni Müsavat” erməni daşnaklarının çaldığı havaya oynayır. Hamıya bəllidir ki, REGNUM agentliyi həmişə Azərbaycanın əleyhinə işləmişdir və bu xəbərində də xislətinə sadiq qalmışdır.
Göründüyü kimi, məsələnin mahiyyətini malalayan və məkrli niyyətdə REGNUM-dan geri qalmayan “Yeni Müsavat” yazarları Azərbaycana qarşı düşmənçilik təbliğatının uydurmasını araşdırmadan, qəzet səhifəsinə çıxarmışlar.
“Yeni Müsavat”a xatırladaq ki, Azərbaycan Prezidentinin Ukraynaya dövlət səfərinin gedişini və adı çəkilən mətbuat konfransında dövlət başçılarının bəyanatlarını, jurnalistlərin suallarına cavablarını televiziyalar yayımlamışdır, audiokasetlər də AZƏRTAC-da saxlanılır. Kim, nə vaxt istəsə, buyurub qulaq asa bilər.
Sonda xatırladaq ki, Ukrayna Prezidenti Leonid Kuçma Ermənistanın təcavüzkar olduğunu dəfələrlə bəyan etmişdir. Bədxahların diqqətinə çatdırırıq ki, Prezident Leonid Kuçma 2000-ci ilin martında Azərbaycanda rəsmi səfərdə olarkən də demişdir: “Bütün problem məsələlərdə ölkələrimizin mövqeləri oxşardır. Əlbəttə, Ukrayna Qarabağ probleminin həllində, Ermənistan tərəfindən işğal olunmuş ərazi, - bu isə təxminən 20 faiz təşkil edir, - məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir”.