“YENİ MÜSAVAT” SENSASSİYA AXTARIR
“Yeni Müsavat” qəzetinin 3 mart tarixli nömrəsində ilk səhifəyə çıxarılmış “Qarabağda Fransa qoşunları?” sərlövhəli yazı təəccüb doğurmaya bilmir.
Əvvəla, “ciddi analitik nəticələr”çıxarmağa cəhd göstərən qəzet Rusiyanın “Zavtra” qəzetində verilmiş sərsəm bir məlumata istinad edir.
“Yeni Müsavat”ın yazdığına görə, Rusiya hökumətinin sədri M.Kasyanovun ABŞ-ın rəsmi nümayəndələri ilə görüşləri zamanı Dağlıq Qarabağda Fransanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsi də müzakirə olunmuşdur. Bunu “dərin təhlil süzgəcindən keçirən” qəzet öz “məntiqi” yozumlarını da irəli sürmüşdür.
Belə danışıqların aparılması faktının cəfəngliyini bir kənara qoyaq. Bəla ondadır ki, “Yeni Müsavat” “Zavtra” qəzetinin yazdığını başa düşməmişdir. “Zavtra” qəzetində bildirilir ki, Amerika hökumət strukturlarının nümayəndələri M.Kasyanovla son görüşləri zamanı onun “hakimiyyətə gələcəyi təqdirdə” Rusiyanın səkkiz başlıca mövzuda” öz mövqeyini dəyişməsi məsələsini nəzərdən keçirmişlər. Bunlardan biri də guya Dağlıq Qarabağda Fransa qoşunlarının yerləşdirilməsi məsələsidir.
“Yeni Müsavat” isə “Zavtra” qəzetinin ehtimal kimi yazdıqlarını təsdiqlənmiş fakt, rəsmi Rusiyanın indi apardığı danışıqlar kimi qəbul etmişdir.
“Yeni Müsavat”a məsləhət görərdik ki, ucuz sensassiya dalınca qaçmasın, heç olmasa, istinad etdiyi mənbəni yaxşı-yaxşı oxusun. Çünki “Zavtra” qəzetinin xəbərindəki “guya” ifadəsi həmin xəbərin kiminsə fantaziyasının məhsulu olduğunu başa düşmək üçün kifayət edərdi.