İQTİSADİYYAT
Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur
Bakı, 13 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin Dövlət investisiya proqramı çərçivəsində Bakıətrafı qəsəbələrdə, o cümlədən Sabunçu rayonunun Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirildiyi ərazidə indiyə qədər mərkəzləşdirilmiş şəbəkə mövcud olmayıb və sakinlərin içməli su təchizatı əhali tərəfindən yaradılmış fərdi şəbəkələr vasitəsilə aparılıb. Tikinti normalarına cavab verməyən şəbəkədə tez-tez baş verən qəzalar və hidravliki rejimlərin pozulması əhalinin susuz qalmasına, ciddi su itkilərinə səbəb olub, eləcə də suyun keyfiyyəti üçün risklər yaradıb.
Layihəyə əsasən Yeni Ramana yaşayış massivində müxtəlif diametrli borularla 4 kilometr uzunluğunda içməli su şəbəkəsi qurulacaq. Yeni yaradılan şəbəkədən 500-ə yaxın ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. İndiyədək içməli su şəbəkəsinin 2,8 kilometrlik hissəsi inşa edilib, 300 ünvana birləşmə verilib. Yeni mərkəzləşdirilmiş şəbəkələrin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin sistemə qoşulmasına şərait yaradacaq.
Dövlət investisiyası hesabına 2022-ci ildə Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinin bir hissəsində içməli su layihələri icra olunacaq. Artıq Ramana, Şüvəlan və Bilgəh qəsəbələrində tikinti-quraşdırma işlərinə başlanılıb. Digər qəsəbələrdə isə tikintiyə hazırlıq işləri davam etdirilir.
Qeyd edək ki, Dövlət investisiya proqramına uyğun olaraq qəsəbələrdə mərkəzləşdirilmiş su təchizatı sistemləri mərhələlərlə inşa olunur.