YENİ TOLL-FREE XİDMƏTİNİN TƏQDİMATI OLMUŞDUR
AvirTell şirkətinin direktoru İsmayıl Şabanı yeni xidmət haqqında ətraflı məlumat verərək bildirmişdir ki, istənilən şəxs və ya müəssisə Toll-Free sisteminə qoşulmaq üçün özünə 7 işarədən ibarət ad seçməlidir. Toll-Free müştərisinə zəng edən abonent istənilən operatordan 088 nömrəsini, daha sonra telefon aparatının üzərindəki hərflərdən istifadə edərək müştərinin adını yığmalıdır. Bütün hallarda xidmət haqqını bu servisə qoşulan şəxs, yəni zəng edən deyil, zəng edilən ödəyir. Yeni xidmətin əsas üstünlüyü hərəkətli və bütün gün ərzində fəaliyyətdə olmasıdır. Belə ki, abonent istənilən yerə getdikdə və ya ünvanını dəyişdikdə onun Toll-Free nömrəsi dəyişməz qalacaq, istənilən müəssisənin mərkəzi və filialları eyni nömrədən istifadə edə biləcəklər.
Aztelecom İB-nin stansiya rəisi Elçin Bayramov qeyd etmişdir ki, hazırda dünyanın əksər ölkələrində bu xidmətdən geniş istifadə olunsa da, Qafqaz regionunda ilk dəfə Azərbaycanda tətbiq edilir. AvirTell şirkəti ilə birliyin Bilinq sistemi qarşılıqlı əlaqədə fəaliyyət göstərir və xidmətin müqabilində edilən zənglərin qəbzləri məhz bu sistem vasitəsilə müəyyənləşdirilir. Yeni xidmətdən istifadə edən müştərilər əlavə olaraq mesaj, konfrans rabitə xidmətlərindən də yararlana bilərlər. Əsasən biznes strukturları, müəssisələr, dövlət qurumları üçün daha əlverişli olan Toll-Freeyə elektron tipli ATS-lərin və Azercell-in abonentləri asanlıqla qoşula biləcəklər.
Sonda şirkətin əməkdaşları KİV nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar.