CƏMİYYƏT
Yeni yaranmış QHT-lər üçün keçirilən təlim başa çatıb











Bakı, 22 noyabr, AZƏRTAC
ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” adlı təlimin noyabrın 22-də bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə son illərdə yaranmış 100-ə yaxın QHT-nin nümayəndələri iştirak ediblər.
ADA-nın İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova təlimin faydalı olduğunu, QHT-lərin inkişafında töhfə verəcəyini bildirib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev diqqətə çatdırıb ki, QHT ailəsinə yeni qoşulan təşkilatların bilik və bacarıqlarını artırmaq yolu ilə rəqabət mühiti formalaşdırması təqdirəlayiqdir. “Bu gün Azərbaycan vətəndaş cəmiyyəti yetkindir, onun sıraları möhkəmdir. Bununla belə, inkişafın əsas hərəkətverici qüvvəsi mütərəqqi ideyadır - yeni fikirlər, innovasiyalar, təşəbbüslərdir. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş müstəqil Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünənə qədər aktual olan çox mövzular, məsələlər köhnəlib və ya əhəmiyyətini itirib. İndi yeni çağırışlar var. Azərbaycan QHT-lərindən bu prosesdə fəallıq, təşəbbüskarlıq, innovativlik gözləyirik”, - deyə o bildirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, artıq üçüncü dəfədir Agentliyin xətti ilə “İnkişaf və Mübadilə Proqramı” təşkil edilir. İndiyədək 300-ə yaxın QHT bu imkandan faydalanıb.
Təlimçilər Ceyhun Məmmədbəyli, Nərgiz Əzizova, Tural Məmmədov fəallıqlarına görə iştirakçılara təşəkkür ediblər.
Sonda təlimdə uğurlu nəticə göstərən QHT-lərə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunub.