YENİYETMƏ AVARÇƏKƏNLƏRİMİZ DƏ TƏLİM-MƏŞQ TOPLANTISINA YOLLANMIŞLAR
Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Azərbaycanın akademik, kayak və kanoe qayıqlarında avarçəkənləri Mingəçevir şəhərinə təlim-məşq toplantısına yollanmışlar. İki həftə davam edəcək hazırlıq prosesi oktyabrın 15-də start götürəcək Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.
“Kür” Təlim-Tədris İdman Mərkəzində keçiriləcək toplanışa 24 avarçəkən qatılacaqdır. Onlardan 16-sı oğlan, 8-i qızdır. Əksəriyyəti yenilərdən ibarət idmançılarımız Azərbaycan Milli Avarçəkmə Federasiyasının seleksiyaçı-məşqçiləri tərəfindən tapılaraq üzə çıxarılmışdır.
Təlim-məşq toplantısında akademik avarçəkmə üzrə oğlanlardan Bayram Əliyev, Novruz Əliyev, Ramin Stalbovski, Qardaşxan Hüseynli, Tamerlan Kərimov, Kənan Mikayılov, Fərrux Nurullayev, Nizam Səmədov, Teymur Samsonov, Aleksandr Jukov, qızlardan isə Alyona Kaporiko, Nuriyyə Qurbanova, Yuliya Popova və Mariya Mustafina iştirak edəcəklər.
Kayak və kanoe növü üzrə isə təlimlərə oğlanlardan Mirnazim Cavadov, Qulam Səlimov, Vahid Həsənov, Loğman Abbasov, Aleksandr Piçugin, Boqdan Qlazov, zərif cinsin nümayəndələrindən isə Nuriyyə Axundova, Yaqut Məmmədova, Ağca Məmmədova və Yekaterina Yeqorova cəlb olunmuşlar.
İdmançılarımız təlim-məşqi məşqçilər Samir Məmmədov, Qurban Qurbanov, Janna Məmmədova və Larisa Axundovanın rəhbərliyi ilə keçəcəklər.
Qeyd edək ki, sentyabrın 21-də 10 gənc akademik avarçəkənimiz də Mingəçevirə təlim-məşq toplantısına yollanmışdır. Azərbaycan birinciliyinə oktyabrın 17-də yekun vurulacaqdır.