Yeniyetmə və gənc güləşçilər arasında Respublika turniri keçiriləcək
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 26-28-də Bakı İdman Sarayında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 29-30-da isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yeniyetmələrin yarışında 1999-2000, gənclərin yarışında isə 1996-1998-ci il təvəllüdlü güləşçilər mübarizə aparacaqlar. Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən güləşçilər iştirak edəcəklər.
Xatırladaq ki, bunadək Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirinin seçim yarışları keçirilib. Seçim yarışlarında sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə güləşçi yarışlarda iştirak edib. Turnirin final mərhələsində bütövlükdə, federasiyanın 8 nümayəndəliyini təmsil edən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisi mübarizə aparacaq.
Həm yeniyetmələr, həm də gənclərin yarışında ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.