Yeniyetmələr arasında ağır atletika üzrə ölkə birinciliyinə yekun vurulub
Bakı, 20 fevral, AZƏRTAC
Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda 150-yə yaxın atlet birincilik uğrunda mübarizə aparıb.
Tamaşaçılar körpücük üzərində son olaraq yaşı 15-dək olan yeniyetmə oğlanların 94 kiloqram və 17 yaşadək oğlanların 94 kiloqramdan yuxarı çəki dərəcəsindəki medal mübarizəsini izləyiblər.
Yaşı 15-dək olan yeniyetmələrin yarışında qobustanlı atlet Şamo Səfərli 205 kiloqram (90+115) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəhman Kazımov 195 kiloqram (85+110) nəticə ilə yarışı ikinci, Dmitro Ağayev isə 100 kiloqramla (45+55) üçüncü pillədə başa vurub.
On yeddi yaşadək yeniyetmələrin mübarizəsində Bakı atleti Ümidvar Bayramlı qızıl medal qazanıb. O, 270 kiloqram (120+150) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həsənbəy Həsənzadə (261 kq, 121+140) gümüş, İsmayıl Qurbanov (245 kq, 105+140) isə bürünc medal qazanıblar.