Yerlan Koyşibayev: Orta Dəhliz üzrə tranzit həcmlərinin artması marşruta tələbatın yüksəldiyini göstərir
Bakı, 25 sentyabr, AZƏRTAC
Orta Dəhlizin inkişafı alternativ və etibarlı nəqliyyat marşrutunun formalaşdırılması ilə yanaşı, rəqabətqabiliyyətli və inteqrasiya olunmuş logistika sisteminin yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu marşrut Çin, Mərkəzi Asiya, Xəzər regionu və Avropanı bir-biri ilə əlaqələndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Kazakhstan Temir Zholy” şirkətinin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” mövzusunda paneldə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafında Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq mühüm rol oynayır.
“2026-cı ilin ilk səkkiz ayında Orta Dəhliz üzrə konteyner tranzitinin həcmi 44 min TEU-ya çatıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57 faiz çoxdur. Beynəlxalq ekspertlərin proqnozlarına əsasən, 2030-cu ilədək Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 330 min TEU-ya çata bilər. Əsas məqsəd marşrutun inkişafını sürətləndirmək, onun daha proqnozlaşdırılan, səmərəli və rəqabətqabiliyyətli olmasını təmin etməkdir. Çin dəmir yolları ilə əməkdaşlıq çərçivəsində rəqəmsal texnologiyaların, o cümlədən blokçeyn xidmətlərinin tətbiqi istiqamətində də iş aparılır. Məqsəd yüklərin çatdırılma müddətini azaltmaq və tranzit proseslərini daha səmərəli təşkil etməkdir. Hazırda konteynerlərin Çinlə Avropa arasında Orta Dəhliz vasitəsilə daşınması 13-17 gün, dəniz yolu ilə isə 32-45 gün çəkir. Qarşıya qoyulan əsas hədəf tranzit müddətini 7-10 günədək azaltmaq və bu müddətin sabitliyini təmin etməkdir. Bu məqsədlə bütün marşrut boyunca sabit tariflərin tətbiqi, rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi və əməliyyatların sinxronlaşdırılması istiqamətində tədbirlər görülür”, - deyə sədr müavini qeyd edib.
Yerlan Koyşibayev bildirib ki, Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının iştirakı ilə vahid operator və vahid pəncərə mexanizminin yaradılması da bu istiqamətdə mühüm addımdır. Onun sözlərinə görə, yeni mexanizm Orta Dəhliz boyunca yüklərin hərəkətinin daha səmərəli tənzimlənməsinə, tranzit proseslərinin sürətləndirilməsinə və şəffaflığın artırılmasına imkan verəcək.