Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Bakı, 8 iyun, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Rafiq Əhmədov daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. R.Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, hündürlüyü 25-225 santimetr olan və ümumi çəkisi 8 kiloqramdan artıq 45 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.