Yevlaxda dənli və texniki bitkilərin yığılması zamanı yanğın təhlükəsizliyi məsələləri müzakirə edilib
Yevlax, 7 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi mayın 7-də dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Yevlax şəhərində regional seminar-müşavirə keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən regional seminar-müşavirədə rayon icra hakimiyyətlərinin, meşə mühafizəsi və bərpası müəssisələrinin nümayəndələri, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.
Müşavirədə çıxış edənlər taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs ediblər. Tədbirdə, həmçinin meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.
Müşavirədən sonra “Aqrolizinq” ASC-nin Yevlax regional nümayəndəliyində mexanizatorlara yanğın zamanı ilkin yanğınsöndürən balonlardan istifadə qaydaları əyani şəkildə izah edilib.