Yevlaxda üzərində narkotik vasitə gəzdirən İran vətəndaşı saxlanılıb
Bakı, 16 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Dövlət Sərhəd Xidmətinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən İran İslam Respublikasının vətəndaşı Həsən Bozorgi saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindən 1 ədəd sellofan torbaya bükülmüş çəkisi 7.12 qram olan tiryək aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onun sərhədi qanunsuz olaraq keçdiyi də müəyyən edilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.