Yevlaxlı gənclər Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazırdırlar
Yevlax, 18 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da gənclər könüllü olaraq ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə müraciət edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra yüzdən artıq yevlaxlı gənc sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl olunmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə müraciət edib və müvafiq qaydada qeydiyyata alınıb. Azərbaycan ordusunda könüllü xidmət etmək haqqında arzularını ifadə edənlər arasında hərbi xidməti başa vurmuş, müxtəlif sahələrdə çalışan gənclər, idmançılar, müharibə veteranları, qadınlar da var. Könüllü olaraq orduda xidmət etmək və mənfur düşmənə qarşı döyüşlərə qatılmaq üçün müraciət edən gənclərə müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunub, atdıqları bu addım yüksək qiymətləndirilib.
Könüllülər işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarını bildiriblər.