“Yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda bilik yarışı keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdləri arasında “Yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda bilik yarışı keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda komandalar mübarizə aparıb. Şagirdlərə təqdim olunan suallar cavablandırılıb, intellektual oyunlar təşkil edilib, onların yol hərəkəti qaydaları haqqında bilikləri yoxlanıb.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu cür yarışlar “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən keçirilir. Daxili İşlər Nazirliyi rəhbərliyinin uşaqlar arasında təhlükəsizlik qaydalarının öyrədilməsini diqqətdə saxladığını qeyd edən bölmə rəisi bu məqsədlə məktəblərdə genişmiqyaslı maarifləndirmə işlərinin aparıldığını deyib.
Yarışda qalib gələn komandalara yol polisi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.