Yol polisi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir
Bakı, 17 aprel, AZƏRTAC
Yol polisi əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində, yollarında qurulan polis postlarında ciddi yoxlamalar aparılır. Müvəqqəti postlarda yol polisi ilə yanaşı Post Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sürücülər saxlanılır və müvafiq sənədləri yoxlanılır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər də aşkarlanır. Polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilərək, həmin şəxslər məsuliyyətə cəlb olunurlar.
Bundan başqa postlardan keçən və içərisində sərnişinlər olan marşrut avtobusları da saxlanaraq sərnişinlərin sənədləri yoxlanılır. Sərnişinlərin sırasında da xüsusi karantin rejim qaydalarını pozanlara rast gəlinir. Həmin sərnişinlər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülür.
Polis əməkdaşları fərdi evlərdən və mənzillərdən çıxışa yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verildiyini də vətəndaşlara izah edirlər.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 16-sı saat 00:00-dan aprelin 17-si saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2543 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 25 min 402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.