ELM VƏ TƏHSİL
“Yüksəliş” qaliblərinin tələbələrlə mentorluq proqramının növbəti görüşü keçirilib
![](/files/galleryphoto/2023/3/1200x630/17008334115483930820_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008334111413631022_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008334115606850614_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700833411622386294_1200x630.jpg)
Bakı, 24 noyabr, AZƏRTAC
“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə mentorluq proqramının növbəti görüşü keçirilib.
Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev proqrama qəbul olunan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Elcan Şəfiyev və Elmira Məmmədova ilə görüşüb. Mentor Camal Nağıyev mentiləri ilə birlikdə uğurlu gələcək, mövcud peşə sahəsinin inkişaf imkanları, rəqəmsal marketinq üzərində kreativ strategiyalar haqqında müzakirələr aparıb. O, tələbələrə fərdi inkişaf prosesində bacarıqlarını artırmaq məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan işçi tətbiqi və təcrübə proqramlarına qoşulmağı təklif edib.
Həmçinin Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Güldənə Hidayətli proqrama qəbul olunan Bakı Mühəndislik Universitetinin tələbəsi Əli Hüseynov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Sevil Rəhimova və Nurlan Əsədzadə ilə görüşüb. Mentor Güldənə Hidayətli mentiləri ilə birlikdə xaricdə təhsil alan tələbələrin öyrəndikləri bilik və bacarıqlarını ölkəmizin inkişafına necə tətbiq edəcəkləri ilə bağlı müzakirələr aparıb, bu sahədə tövsiyələrini verib.
Hər iki qalib mentiləri ilə mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb.
Qeyd edək ki, tələbələr üçün mentorluq proqramının əsas məqsədi III və IV kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.