Yurda uzanan yollarda gənclik karvanı
Bakı, 1 oktyabr, AZƏRTAC
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi uğurla davam edir. Layihə çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, həmçinin repressiya, soyqırımı və deportasiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, daha sonra layihənin məqsəd və məramı barədə danışan İctimai Birliyin sədri Tamxil Ziyəddinoğlu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Pedaqoji Universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan tarixində xüsusi yer tutan Qərbi Azərbaycan repressiya, soyqırımı və deportasiya qurbanlarının tədqiqi, gənc nəslin ata yurduna qayıdış ideyasına bağlılığını gücləndirməkdir.
O, tədbirin məhz Pedaqoji Universitetdə keçirilməsinin rəmzi mənasına diqqət çəkərək bildirib ki, Qərbi Azərbaycanda sovet dönəmində ali təhsil alıb iş tapanların çoxu məhz bu universitetin məzunları idi. Eyni zamanda, burada təhsil alan tələbələrin böyük əksəriyyətinin gələcəkdə həm ailədə, həm də məktəbdə gənc nəsillərin tərbiyəsinə cavabdeh olacaq qızların olması xüsusi önəm daşıyır.
Pedaqogika elmləri doktoru dosent Nailə Hüseynova belə bir layihənin Pedaqoji Universitetdə təşkilinə görə təşəkkür edib. Ardınca 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalından deportasiya olunmuş, daha sonra isə döyüş meydanında şərəfli yol keçmiş polkovnik Şaiq Məmmədovun həyatına həsr olunmuş “Ölümü öldürənlər” filmi nümayiş etdirilib. Filmin qəhrəmanının universitetin məzunu olması tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Polkovnikin müəllimi, pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi Fərrux Rüstəmov çıxış edərək qazilərə xüsusi ehtiramını bildirib, həmçinin doğulduğu Qərbi Azərbaycanda şahidi olduğu faciələrdən danışıb.
Layihənin eksperti, tarixçi Bəxşeyiş Ələmşahov erməni vandallarının törətdiyi vəhşiliklərdən, Zəngəzur mahalında baş verən hadisələrdən və 1988-ci ilin dəhşətlərindən söz açıb. Filologiya elmləri doktoru professor İbrahim Bayramov, pedaqogika elmləri doktoru Vidadi Orucov və digər çıxışçılar xalqımızın uzun illər üzləşdiyi faciələri, Qarabağ probleminin yaratdığı çətinlikləri, 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri vurğulayıblar.
Tədbirdə iştirak edən qazilərdən Ələkbər Məmmədov şəhid silahdaşı ilə bağlı xatirəsini bölüşərkən gözyaşlarını saxlaya bilməyib. Qazilərin tələbələrlə görüşü universitet kollektivində dərin duyğular oyadıb.
Rəsmi hissədən sonra tələbələrə son iki əsrdə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylanıb. Tamxil Ziyəddinoğlu “Güllə səsinə açılan qapı” kitabını universitet kitabxanasına hədiyyə edib. Daha sonra müəllif iştirakçılara kitabına aftoqraf verib.
Beləliklə, İrəvana, Göyçəyə, Zəngəzura uzanan yollara daha bir gənclik karvanı çıxıb.