ZAQATALALI İŞ ADAMLARI SAHİBKARLARA GÖSTƏRİLƏN DÖVLƏT QAYĞISINI YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR
Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Hazırda ölkəmizdə özəl bölmənin inkişafı üçün çox mühüm qanunvericilik bazası, əlverişli investisiya mühiti yaradılmışdır. Sahibkarlığa dövlət maliyyə dəstəyi ildən-ilə gücləndirilir, onların kredit ehtiyaclarının ödənilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Fərəhli haldır ki, maliyyələşdirilən layihələrin 80 faizdən çoxu regionların payına düşür.
Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühit zaqatalalı iş adamlarının da ürəyincədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin aprelində Zaqatalaya səfəri zamanı söylədiyi: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində zaqatalalıların çox böyük xidmətləri olmuşdur. Bu gün siz əməyinizlə, zəhmətinizlə ümumi işimizə böyük töhfə verirsiniz... Mən istəyirəm ki, bu bölgədə yeni müəssisələr, fabriklər, iş yerləri yaradılsın. İqtisadiyyatın bu bölgəyə uyğun olan yeni istiqamətləri - emal sənayesi, turizm və digər sahələr inkişaf etsin” fikirləri rayonun iş adamlarını daha da ruhlandırmış, onların qurub-yaratmaq həvəsini artırmışdır.
Sahibkarlıq fəaliyyəti üçün yaradılmış əlverişli şərait nəticəsində son illər Zaqatala rayonunun iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin həyat səviyyəsi durmadan yüksəlir. 2007-ci ildə rayon sahibkarlarına 13,4 milyon manat məbləğində kredit verilmişdir. Bu ilin birinci yarısında isə iş adamlarına verilən kreditlərin məbləği artaraq, 14 milyon manata çatmışdır.
Rayon iqtisadiyyatının inkişafına öz töhfəsini verən yerli iş adamlarından biri də “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri İdris Babayevdir. 2004-cü ildə yaradılan bu müəssisənin fəaliyyətə başlamasında iş adamının Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) aldığı uzunmüddətli güzəştli kredit əsas rol oynamışdır. Sahibkara növbəti dəfə güzəştli kredit 2006-cı ilin aprelində, Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı Şəki şəhərində keçirilmiş biznes-forumda dövlət başçısı tərəfindən şəxsən təqdim edilmişdir.
Cəmiyyətin sədri İ.Babayev AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirmişdir ki, dövlətin maliyyə dəstəyi nəticəsində müəssisənin fəaliyyəti daha da genişləndirilmiş, istehsal gücü artmışdır. Meyvə və giləmeyvələrdən alkoqollu içkilər istehsal olunan bu müəssisədə hazırda 76 nəfər daimi işçi çalışır. Bundan əlavə, 180 nəfər mövsümü işçi Zaqatalanın və qonşu rayonların ərazisində əhalidən meyvə və giləmeyvə tədarükü ilə məşğul olur. İşçilərin aylıq əmək haqqı 100 manatdan 250 manatadək təşkil edir. Cari mövsümdə əhalidən artıq 147 ton tut, 184 ton alça, 75 ton gavalı tədarük olunmuşdur və bu iş davam etdirilir.
Sahibkar, eyni zamanda, heyvandarlıq məhsulları istehsalı ilə də məşğul olur. Hazırda müəssisənin fermalarında 240 baş damazlıq iri buynuzlu mal-qara bəslənilir. Mal-qaranın yem ehtiyaclarının ödənilməsi üçün 110 hektar sahədə taxıl əkilmişdir. Müəssisədə istehsal olunmuş ət və süd məhsulları satış üçün əsasən rayonun daxili bazarlarına çıxarılır.
Dövlətimizin başçısının sahibkarlara qayğısını çox yüksək qiymətləndirən İdris Babayev cari ilin payızında keçiriləcək növbəti prezident seçkilərində zaqatalalı iş adamlarının hamılıqla Azərbaycanın işıqlı gələcəyinin təminatçısı olan Prezident İlham Əliyevə səs verəcəklərini bildirmişdir. Bu fikir, eyni zamanda müəssisədə çalışan hər bir işçinin arzusudur.