ZAQATALANIN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ YENİ DƏRS İLİNƏ HAZIRLIQ BAŞA ÇATIR
Zaqatala rayonunun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri mütəşəkkil qaydada başa çatmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, yeni dərs ili ərəfəsində təhsil şöbəsinin tabeliyində olan məktəb və məktəbəqədər müəssisələrin əksəriyyətində büdcə vəsaiti və daxili imkanlar hesabına cari təmir işləri aparılmışdır. Bundan əlavə, ehtiyacı olan məktəblərə 500 təzə parta, 100 yazı lövhəsi, 100 müəllim masası, 100 şkaf, habelə yumşaq inventar verilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti ilə inşa edilən 500 şagird yerlik lisey binasının tikintisi artıq başa çatmışdır. Şirkətin vəsaiti ilə Zaqatala şəhərində Qazangül qəsəbəsində və Muxax kəndində inşa edilən 360 və 500 şagird yerlik yeni məktəb binalarının tikintisi də sürətlə davam etdirilir. Bundan əlavə, hazırda dövlət vəsaiti hesabına rayonun Mazıx, Danaçı və Qımır kəndlərinin hər birində 220, şəhərdəki internat məktəbi üçün 320 şagird yerlik yeni məktəb binaları, habelə Qandax kənd orta məktəbi üçün 200 şagird yerlik 10 əlavə sinif otağı, Yaponiya hökumətinin dəstəyi ilə Göyəm kənd orta məktəbi üçün 220 şagird yerlik 12 sinif otağından ibarət yeni tədris korpusu inşa edilir. Bu təhsil ocaqlarının, habelə əsaslı təmir olunan Faldarlı və Car kənd orta məktəb binalarının yeni dərs ilində şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.