Zəfər Günü münasibətilə keçirilən beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 11 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Gününə münasibətilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) təşəbbüsü ilə keçirilən “Qarabağın bərpası” beynəlxalq esse müsabiqəsinin nəticələri elan olunub.
ARM-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin şərtlərinə uyğun olaraq, İƏT-ə üzv olan 10-dan çox ölkədən 40-a yaxın gənc iştirakçı “Biz qayıdırıq”, “44 gün ədalət uğrunda mübarizə” və “Şuşa: İslam sivilizasiyasının incisi” mövzusunda ingilis dilində esselər yazıb ekspert komissiyasına təqdim edib.
Ekspert komissiyasının müvafiq dəyərləndirmələrinə əsasən, 1-ci yeri Sudandan olan Rvan El-Hariri, 2-ci yeri Hindistanın müsəlman icmasından İffa Firdous, 3-cü yeri Azərbaycandan İlahə Balakişiyeva tutublar. Bundan başqa, 3 gənc isə həvəsləndirici mükafatlara layiq görülüblər. Həm finalçılar, həm də həvəsləndirici mükafata layiq görülənlərə pul mükafatları veriləcək.
Layihənin əsas məqsədi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni, eləcə də Qarabağın Azərbaycana aid olması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edək ki, əvvəllər də mədəniyyət və incəsənət sahəsində müxtəlif beynəlxalq müsabiqələrin həmtəşkilatçısı olmuş İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi belə müsabiqələri gələcəkdə də davam etdirməyi planlaşdırır.