“ZƏNGİ” LİSEYİNDƏ OLİMPİYA ÇEMPİONU İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən “Zəngi” liseyində Pekin Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Elnur Məmmədli ilə bu təhsil ocağının müəllim və şagird kollektivinin görüşü keçirilmişdir.
Tədbirdə çıxış edən liseyin direktoru Bayram Heydərov Olimpiya çempionu ilə görüşün liseyin tarixində önəmli hadisələrdən biri olduğunu vurğulamışdır. Direktor demişdir ki, bu gün bizimlə görüşə gəlmiş Pekin Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı, Avropa Cüdo İttifaqı tərəfindən 2008-ci ilin ən güclü cüdoçusu elan edilən Elnur Məmmədli böyük qəhrəmanlıq göstərərək Azərbaycanın bayrağını zirvələrə qaldırmış, xalqımızın adını bir daha bütün dünyada şöhrətləndirmişdir. Bu böyük qələbəyə görə ona bir daha təşəkkür edirik.
Pekin Olimpiadasının qızıl mükafatçısı Elnur Məmmədli Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətindən söz açaraq bildirmişdir ki, Prezident İlham Əliyev ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Olimpiya çempionu demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkənin bir çox bölgələrində olimpiya-idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bu iş hazırda yüksək sürətlə davam etdirilir. Bu diqqət, bu qayğı gənclərdə idmana olan həvəsi daha da artırır.
E.Məmmədli yaxşı idmançı kimi yetişmək üçün təhsil müəssisələrində təlim-tərbiyənin yüksək səviyyədə təşkilinin vacibliyini vurğulamışdır. “Əgər siz güclü idmançı olmaq istəyirsinizsə, ilk növbədə dərslərinizi yaxşı oxumalısınız. Xalqımız üçün, dövlətimiz üçün layiqli vətəndaş kimi formalaşmalısınız. Yalnız bu halda uğurlu nəticələr əldə etmək olar”.
Pekin Olimpiadasının qızıl mükafatçısı, həmçinin yarış təəssüratlarından söhbət açmışdır.
Tədbirdə Elnur Məmmədlinin Pekin Yay Olimpiya Oyunlarında keçirdiyi görüşlərdən bəhs edən qısametrajlı film göstərilmişdir. Şagirdlər filmi böyük həyəcanla izləmiş, Olimpiya çempionunun qələbəsini dəfələrlə gurultulu alqışlarla qeyd etmişlər.
Şagirdlərin çoxsaylı suallarını cavablandıran E.Məmmədli güclü idmançı kimi yetişməyin sirlərini onlarla bölüşmüşdür.
Valideynlər adından çıxış edən məktəb valideyn-müəllim birliyinin sədri Vüqar Rəhimzadə bu görüşün əhəmiyyətini vurğulamış, Azərbaycanın adını zirvələrə qaldıran Elnur Məmmədliyə gələcək beynəlxalq yarışlarda yeni-yeni uğurlar arzulamışdır.
Görüşdə şagirdlərin ifasında şən və oynaq müsiqi nömrələri səslənmişdir.
Liseyin direktoru Bayram Heydərov şagirdlər tərəfindən işlənib hazırlanmış kiçik suvenir-hədiyyəni Pekin Olimpiadasının qızıl mükafatçısına təqdim etmişdir.
Görüşün sonunda Olimpiya çempionu liseyin şagirdləri ilə xatirə şəkli çəkdirmişdir.
######
![]() |
![]() |

