Zərifə Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim olub
Gəncə, 28 aprel, Elcan Məmmədov, AZƏRTAC
Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə xanım Əziz qızı Əliyevanın 100 yaşı tamam olur. Onun zəngin irsi, tibb elminin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanım Əliyeva Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov deyib.
O, Zərifə xanımın görkəmli elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı kimi yaddaşlara həkk olunduğunu deyib: “Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva, təbabətdə öz dəst-xətti olan novator bir alim olub”.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev kimi bir sərkərdə böyüdən qayğıkeş ana bu gün bütün qəlblərdə sevgi və rəhmətlə xatırlanır. Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. 44 günlük Vətən müharibəsi qələbəsinin müəllifi isə düzgün və düşünülmüş qərarlar qəbul edən lider oldu. Fəxarət hissi ilə qeyd etməliyik ki, İlham Əliyev elə bir uğurlu siyasət irəli sürdü ki, ordumuz öz missiyasını layiqincə həyata keçirdi. Ona görə də bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şad olduğu kimi, Zərifə xanım Əliyevanın ruhu da şaddır və əziz xatirələri daim qəlblərdə yaşayacaq,” - deyə Z.Qurbanov bildirib.