Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar tibb elm tariximizdə xüsusi yer tutur
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanlığında akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edənlər akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd olunduğunu xatırladaraq görkəmli alimin mənalı ömür yolundan danışıblar.
Diqqətə çatdırılıb ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda çox ciddi işlər görüb.
Sonra tədbirdə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “İşığa aşiq ömür” adlı film nümayiş olunub.