REGİONLAR
Yaşı səksəni ötsə də, biri-birindən gözəl xalçalar toxuyur VİDEO
Qusar, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusarın Çiləgir kənd sakini Gülarə İsgəndərova 82 yaşı olmasına baxmayaraq, hələ də biri-birindən gözəl xalçalar toxuyur.
AZƏRTAC xəbər verir ki, 30 ildən çoxdur xalça toxuyan ağbirçək bu sənəti uşaq yaşlarından öyrənib. İndi görmə qabiliyyəti zəifləsə də, sevimli işindən ayrılmaq fikrində deyil.
G.İsgəndərova müxtəlif naxış eskizləri əsasında böyük sumaxlar və xalçalar toxuyur. Ağbirçək bildirir ki, Çiləgir kəndindən gəlin köçən hər qızın evində onun əl işi olan xalçalar var. Xalçaçı əl işlərini hədiyyə verməklə yanaşı, həm də bu sənətdən gəlir də əldə edir. Hazırda toxuduğu xalçaların qiyməti 300 manatdan başlayır və ölçüsündən asılı olaraq dəyişir. Bir xalçanı toxumağa 3-5 ay vaxt sərf edir.
Uzun illərin xalçaçısı gənc və yeniyetmələrə də bu sənətin sirlərini öyrədir.