REGİONLAR
Qusarlı tamaşaçılara “Doğma teatr” adlı kompozisiya təqdim olunub VİDEO
Qusar, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 10-da Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Günü münasibətilə tamaşaçılarına “Doğma teatr” adlı kompozisiya təqdim edib.
AZƏRTAC xəbər verir ki, Qusar Mədəniyyət Sarayının səhnəsində təqdim olunan bayram proqramı görkəmli musiqi xadimi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlayıb. Daha sonra kollektiv dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” və başqa sevilən səhnə əsərlərindən parçalar nümayiş etdiriblər. Xüsusi ssenari əsasında hazırlanan proqramda “Multikultural dəyərlər” adlı musiqili kompozisiya, folklor nümunələri, Azərbaycan və ləzgi dillərində mahnılar da təqdim olunub.
Yetmiş nəfərə yaxın aktyor heyətinin yer aldığı bir saatlıq tamaşa üçün xüsusi dekorasiya hazırlanıb. Bayram tamaşası qusarlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar şöbəsinin müdiri David İbrahimxəlilov və Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov yaranmasının 144-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənətinin qədim və zəngin tarixindən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir.
Tədbirdə Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyətindən də söz açılıb. Bölgə teatrı 27 il əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir.
Bayram tamaşasına baxmağa gələnlər mədəniyyət sarayının foyesində Milli Teatr Günü və Novruz bayramına həsr olunan sərgini də izləmək imkanı qazanıblar.