Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində olan yol təmir edilib VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrində, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində olan yol artıq təmir edilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 metrlik məsafəni əhatə edib.
Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bəzi ərazilərdə yolun hərəkət hissəsi genişləndirilib.
Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kvadratmetrdir.
Qeyd olunub ki, bütün işlər ümumi hərəkətə mane olmamaq şərti ilə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.