REGİONLAR
Qazaxlı sahibkar: Yetişdirdiyimiz tərəvəzlə əsasən daxili bazarı təmin edirik VİDEO
Qazax, 7 noyabr, Famil Quliyev, AZƏRTAC
Ölkəmizdə kənd təsərrüfatı məhsullarının, xüsusilə də faraş tərəvəzin yetişdirilməsində istixanalardan geniş istifadə olunur. Bu istixanalarda əsasən müasir texnologiyalar quraşdırılır. Qazaxda da bu sahəyə böyük maraq var. Son illər yeni istixanalar yaradılır ki, bu da, ümumilikdə, kənd təsərrüfatına göstərilən diqqət və qayğının nəticəsidir. Bundan ruhlanan fermerlər öz imkanlarından istifadə edərək, təsərrüfatlarını daha da genişləndirirlər.
Qazax rayonundakı istixanalarda müxtəlif tərəvəzlər yetişdirilir. Belə istixana sahiblərindən biri də sahibkar Akif Mirzəzadədir. O, AZƏRTAC –ın müxbiri ilə söhbətində deyib: “Dörd ildir ki, bir hektar ərazidə istixana yaratmışam. Burada xiyar, pomidor və digər məhsullar yetişdiririk. Hazırda istixanamızın 5 işçisi var. Onlar nəqliyyat və yeməklə təmin olunur. Yetişdirdiyimiz tərəvəzlə əsasən daxili bazarı təmin edirik. Hazırda istixanada təbii, orqanik yolla xiyar yetişdirilir və artıq onun yığımına başlamışıq”.
Sahibkar qeyd edib ki, istixanada bol məhsul var. O, gələcəkdə istixananın ərazisini artırmağı da planlaşdırır.
İstixanada becərilən tərəvəzlərin satışında da elə bir problem yoxdur. Belə ki, əvvəlcədən alıcılarla müqavilə bağlanır, məhsul dərilib qablaşdırıldıqdan sonra isə ünvanlara çatdırılır. Müxtəlif ticarət mərkəzləri və şirkətlərlə çalışan sahibkarlar məhsullarını yerli bazarlara rahatlıqla çıxara bilirlər.