İQTİSADİYYAT
Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində konteynerlərin daşınma imkanları araşdırılıb VİDEO
Bakı, 7 noyabr, Elvin Camalov, AZƏRTAC
Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırması müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin birinci müavini İqor Şilov və İran Dəmir Yolu İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edib.
Tədbirdə “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması”, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması”, “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması” və digər məsələlər müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov bildirib ki, Azərbaycan Dəmir Yolları tərəfindən Astara stansiyasından Astara çayına kimi yol, Astara çayı üzərində körpü və körpüdən İran Astarasındakı terminala qədər yol çəkilib. Hər iki stansiyadan qəbul və göndərmə üçün əlavə yollar salınıb, terminalın tikintisi üzərində iş gedir. Stansiyalarda 4 terminalın quraşdırılması nəzərdə tutulub. Bunlar konteynerlər, ümumi yüklər, neft və neft məhsulları və taxıl yüklərindən ibarət terminallar olacaq. İlk terminalın açılışı bu il dekabr ayının sonlarına planlaşdırılır və bununla da gələn il üçün yükdaşımaların həcminin 1,5-2 milyon tona çatdırılması nəzərdə tutulur.
İki gün davam edəcək tədbirin sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.