Maştağa qəsəbəsində evdən 4800 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb VİDEO
Bakı, 30 noyabr, AZƏRTAC
Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis bölməsinə (PB) məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladıqlarını qeyd edib.
Polis bölməsi əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə həmin mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib. Evə isə A.Həsənov daxil olub və onlar sonradan görüşərək oğurlanan pulu aralarında bölüblər.
Faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.