Şimal bölgəsində bu il süni yolla mayalandırılan heyvanlardan 4 min 859 baş bala alınıb VİDEO
Xaçmaz, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsində son bir neçə ildə heyvanları süni mayalandırmaq üçün müraciət edən fermerlərin, eləcə də fərdi təsərrüfat sahiblərinin sayı xeyli artıb. 2017-ci ildə regionda 10 min 881 baş heyvan mayalandırılıb. Süni yolla mayalandırılan heyvanlardan 4 min 859 baş bala alınıb.
Quba rayon Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Aydın Qədiməliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fermerlər süni mayalandırma üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmağa, eyni zamanda, balavermə faizini yüksəltməyə nail olublar. Şimal bölgəsində bu sahədə ən yüksək göstərici Xaçmaz rayonunda qeydə alınıb. Burada bu üsulla mayalandırılan 5 min 414 baş heyvandan 2 min 432 baş bala əldə olunub. Süni yolla mayalandırılan heyvanlardan Qusarda 1978, Qubada 808, Siyəzəndə 415, Xızıda 332, Şabranda isə 245 baş bala alınıb.
Mütəxəssis müraciət edənlərin sayının artmasında bu sahədə əldə olunan müsbət nəticələrin xüsusi rol oynadığını qeyd edir. Bununla yanaşı, süni mayalandırma zamanı yoluxucu xəstəliklərin, xüsusən təbii cütləşmə ilə yayılan xəstəliklərin qarşısı alınır.