Azərbaycanın iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrinə dair kitabın Macarıstanda təqdimatı olub VİDEO
Budapeşt, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ingilis dilində yeni nəşri olan “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” adlı kitabının Budapeşt şəhərində təqdimat mərasimi keçirilib.
Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunda təşkil edilən tədbirdə bu ölkənin dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, yerli KİV-in nümayəndələri və Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunun birgə əməkdaşlığı nəticəsində işıq üzü görmüş və əsasən Azərbaycanın bilavasitə yaxından iştirakı ilə gerçəkləşən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edən kitabda ilk iki fəsil macar, digər iki fəsil isə azərbaycanlı müəlliflər tərəfindən yazılıb.
Təqdimat mərasimində çıxış edən Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun direktor müavini Marton Uqroşdi kitabdakı mövzulara dair fikirlərini bölüşüb və regionda həyata keçirilən layihələrdən danışıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və ölkəmizin Macarıstandakı səfirliyinin müşaviri Zaur Şükürov çıxış edərək kitab barədə fikirlərini bölüşüb, qlobal əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrində Azərbaycanın aparıcı rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən və ölkənin hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı islahatlardan bəhs ediblər.
Həmçinin qonaqların diqqəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun bu ölkənin silahlı qüvvələri tərəfindən işğalı faktına çəkilib. Vurğulanıb ki, Ermənistan yürütdüyü işğalçılıq siyasəti nəticəsində həyata keçirilən regional və qlobal layihələrdən kənarda qalıb.
Daha sonra kitabın elmi redaktoru və məqalələrdən birinin müəllifi, SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçisi, SOAS London Universitetinin iqtisadiyyat üzrə doktorantı Mahir Hümbətov “Azərbaycan üzərində fokuslaşan Şərq-Qərb dəhlizinin nəqliyyat, ticarət, investisiyalar və logistikası”, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun əməkdaşı Diana Szoke və macar mütəxəssis Qabor Braun “Avropa-Cənubi Qafqaz-Asiya enerji bağı” və “Şərq-Qərb dəhlizinin ticarət və logistikası: Avropa-Çin və əks istiqamətdə axınlar və Azərbaycanın rolu” mövzuları üzrə çıxış edərək, bəhs edilən layihələr, habelə bu layihələrin həyata keçirilməsində dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların, region ölkələrinin yeri və yanaşması, bütün bu proseslərdə Azərbaycanın aparıcı rolu və mövqeyi barədə təhlil xarakterli fikirlərini bölüşüblər.
Sonda mövzuya dair çoxsaylı suallar cavablandırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt