Astaralı arıçılar Bakıda təşkil olunacaq növbəti bal yarmarkasına hazırlaşırlar VİDEO
Astara, 6 fevral, Bağır Əliyev, AZƏRTAC
Arıçılıq Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən biridir. Rayonun iqlim şəraiti arıçılığın inkişaf etdirilməsinə əlverişli şərait yaradır. Keyfiyyəti ilə seçilən Astara balı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyevin arıçılığın inkişaf etdirilməsi məqsədilə hər arı pətəyinə görə dövlət tərəfindən 10 manat subsidiya veriləcəyini bildirməsi astaralı arıçılar tərəfindən böyük sevinclə qarşılanıb.
Sahibkarların diqqətini bu sahəyə cəlb edən dövlətimizin başçısı deyib ki, arıçılıq Azərbaycanda tədricən inkişaf edir. Ölkəmizdə arıçılığın inkişafı üçün çox gözəl təbii şərait var. “Hər arı ailəsinə görə arıçılara subsidiyalar verilməlidir və veriləcəkdir. Deməli, ildə hər pətəyə dövlət tərəfindən 10 manat subsidiya veriləcək ki, bu sahəyə maraq daha da artsın və bal bizim böyük ixrac məhsulumuza çevrilsin. İndi ABAD konteynerlərində bal istehsalı təmin edilir. Əlbəttə ki, onun paketlənməsi, keyfiyyəti ən yüksək səviyyədə olmalıdır. Mənə verilən məlumata görə, Azərbaycan balı keyfiyyətinə görə dünya miqyasında fərqlənən məhsullardan biridir”, - deyə Prezident İlham Əliyev qeyd edib.
İndi astaralı arıçılar arı yuvalarının sayını artırmağı düşünürlər. Onlar yaxın gələcəkdə bu sahəni daha da genişləndirmək və daha çox məhsul istehsal etmək niyyətindədilər.
Astara-Lənkəran Arıçılar Cəmiyətinin sədri Arif Nəzirov bildirib ki, cənub bölgəsində arıçılıqla məşğul olan fermerlər indidən Bakı şəhərində təşkil olunacaq növbəti bal yarmarkasına ciddi hazırlaşırlar.
Qeyd edək ki, Astara rayonunda 1200-dən çox arıçı var. Ötən il rayon üzrə 26 min arı ailəsindən 300 tona yaxın məhsul əldə olunub.