Xaçmazlılar üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb VİDEO
Xaçmaz, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz sakinləri üçün bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunda sonra hər həftənin şənbə-bazar günləri şəhərin Bakı prospektində satış yarmarkası təşkil olunacaq. Yarmarkada ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətindən 15-20 faiz ucuz təklif edilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkada rayonun bütün inzibati ərazi vahidliklərindən satışa 30-a yaxın çeşiddə ümumilikdə 10 tondan çox məhsul çıxarılıb. İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildirirlər.
Yarmarkada ət satışı ilə məşğul olan Nəriman Əliyev alıcıların çox olduğunu bildirir: “Bazarda ətin bir kiloqramı 10 manat olduğu halda, biz burada 9 manatdan satırıq. Keyfiyyətli, təzə ətdir. Alıcı ona görə çoxdur ki, qiymətlər münasibdir. Öz təsərrüfatımızın heyvanıdır. Bizə də sərfəlidir, alıcıya da”.
Alıcılar bildirir ki, yarmarkada kartof, soğan, alma, nar, sitrus meyvələri və digər məhsullar da bazardakından ucuzdur.