REGİONLAR
Yol kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri hərəkətin təhlükəsizliyi barədə maarifləndirilirlər VİDEO
Xaçmaz, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Yol-nəqliyyat hadisələrinin daha az baş verməsi üçün vətəndaşlarımız, xüsusən də yolların yaxınlığındakı yaşayış məntəqələrində yaşayan sakinlər yol hərəkəti qaydaları haqqında məlumatlı olmalıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşlarının Xaçmaz rayonunda təhlükəsizliyin təminatı ilə bağlı keçirdikləri görüşdə bildirilib.
Hərəkətin intensiv olduğu Gəndov-Yalama yolunun kənarında yerləşən Qusarçay kəndində keçirilən maarifləndirmə tədbirlərində yerli icra qurumlarının, bələdiyyələrin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri, sürücülər, ictimai fəallar, eləcə də könüllülər iştirak ediblər.
Görüşdə bildirilib ki, ağır yol-nəqliyyat hadisələri əsasən piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, sürət həddinin aşılması, sərnişin daşıyan avtobus, taksi sürücülərinin iş və istirahət vaxtlarına düzgün riayət etməmələri, mal-qaranın sahibləri tərəfindən xüsusilə də gecə vaxtı nəzarətsiz qalması, asfalt-beton örtüklü yollarda müəyyən olunmamış yerlərdən keçirilməsi səbəbindən baş verir. 2017-ci ildə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının xidməti ərazilərində 185 yol-nəqliyyat hadisəsi baş verib ki, bunun nəticəsində də 223 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.
İştirakçılara praktik məşğələlər vasitəsilə hərəkətin təhlükəsizliyinin mahiyyəti, yol nişanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, nişanlama xətlərinin çəkilməsi və s. işlər görülür.
Dövlət Yol Polisinin əməkdaşları məktəblilərin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri, yollarda nizam-intizam qaydaları barədə suallarını cavablandırıblar.
Maarifləndirici görüşlər regionun digər yaşayış məntəqələrində də təşkil olunacaq.