REGİONLAR
Qubalı gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər VİDEO
Quba, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Qubada da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 16-da gənclərin hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Quba rayon şöbəsinin rəisi Seymur Qurbanov, müharibə veteranları və valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.
Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər.
Rayonun incəsənət ustalarının ifasında musiqili proqramla davam edən mərasimdən sonra çağırışçı gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.