Bakıda banklardan birində 18900 saxta ABŞ dolları dəyişmək istəyən əcnəbi vətəndaşlar saxlanılıb VİDEO
Bakı, 2 may, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında xarici ölkə vətəndaşları olan üç əcnəbi külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib. Onların bu niyyətlərinin qarşısı bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən alınıb. Qısa zaman kəsiyində hadisə yerinə cəlb edilən idarənin tutucu qrupunun əməkdaşları həmin şəxsləri saxlayaraq aidiyyəti üzrə polis idarəsinə təhvil veriblər.
Araşdırma aparılan zaman saxlanılan şəxslərin Çin Xalq Respublikasının vətəndaşları Çen Menq Lin, Lin Ji Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulov olduqları müəyyənləşib. Saxlanılan şəxslərdən ümumilikdə 18 min 900 saxta ABŞ dolları müəyyən edilərək maddi sübut kimi götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əsginasları satmaq, həmçinin paytaxt ərazisində yerləşən ticarət mərkəzlərində istifadə etmək niyyəti ilə ölkə ərazisinə gətirdiklərini etiraf ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.