Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Pekində də qeyd edilib VİDEO
Pekin, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi mərasim keçirib.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə səfir Əkrəm Zeynallı görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin çətin dövründə - 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Diplomat xalqımızın öz dahi oğlunu, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edən, onun həyata keçirilməsi üçün mühüm addımlar atan müdrik siyasətçini unutmadığını, nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda Ümummilli Liderin 95 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini diqqətə çatdırıb.
Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün etibarlı əllərdə olduğunu qeyd edən səfir Ə.Zeynallı ümummilli lider Heydər Əliyevin əsasını doyduğu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Vurğulayıb ki, bunun nəticəsində Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməklə diqqəti özünə cəlb edib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi bildirib ki, Azərbaycan dövlətinin və xalqının bu gün əldə etdiyi nailiyyətlər işığında Ulu Öndərin irsinin nə dərəcədə əhəmiyyətli olduğu bir daha aydın olur. Məhz onun ideyalarının həyata keçməsi sayəsində Azərbaycan müstəqillik yolunda inamla addımlayır.
Qeyd olunub ki, 10 may günü həm də Ulu Öndərin adını daşıyan Fondun yarandığı gündür. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond ölkəmizdə və xaricdə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, respublikamızın sosial-iqtisadi inkişafına öz töhfəsini verir, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında fəal iştirak edir.
Sonra Ulu Öndərin həyatından, siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin