REGİONLAR
Meyvə ağaclarının budanması aqronomların məsləhəti və nəzarəti altında aparılmalıdır VİDEO
Quba, 6 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubanın alma bağlarının 60-70 faizində ağacların quru budanması işləri başa çatdırılıb. Bu il hava şəraitinin mülayim keçməsi budama prosesinin vaxtından əvvəl yekunlaşmasına imkan verir.
Qubalı bağban Mübariz Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda bağlarda qızğın yaz işləri gedir, ağacların quru budanması həyata keçirilir. Bu proses məhsuldarlıq üçün olduqca vacib sayılır. Alma ağaclarının budanması mart ayına kimi başa çatdırılmalıdır.
Bağbanın sözlərinə görə, alma ağaclarının ən yaxşı budanma vaxtı payızda yarpaqlar töküləndən erkən yazda tumurcuqların şişməsinin başlanğıcınadək keçən dövrü əhatə edir. Məhsuldar alma ağacları cavan ağaclara nisbətən daha tez budanmalıdır. Sanitar budamalar payızda, ucvurma, cavanlaşdırıcı və dərin budamalar isə qışın sonunda aparılmalıdır.
Mübariz Məmmədov deyib: “Ağacı nə qədər çox kəssək, bir o qədər çox boy artımı baş verir. Yəni, ağac özü güclü, lakin məhsuldarlıq az olur. Az budanan ağac isə bol məhsul verir. Lakin meyvələri xırda olur. Ona görə də fermerlər ən səmərəli həddi tapmalıdır”.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov bildirir ki, budama işini aqronomların məsləhəti və nəzarəti altında həyata keçirmək lazımdır.
Budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir. Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması nəzərə alınmalıdır. Ağac 4-5 yaşında meyvə verməyə başlayır. Bu vaxtdan etibarən budama ağacın vəziyyətinə müvafiq aparılmalıdır.
Qeyd edək ki, Quba rayonunda 17 min 963 hektar meyvə bağı var. Bunun 13 min 484 hektarını alma bağları təşkil edir. Qubalı bağbanlar alma bağlarından ilk məhsulu avqustun ikinci ongünlüyündən etibarən yığmağa başlayırlar.