CƏMİYYƏT
Beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinin final raundu keçirilib VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə ADA Universitetində Filip Cessup beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinin final raundu keçirilib. Bu müsabiqə Azərbaycanda 13 illik fasilədən sonra ilk dəfə təşkil olunur.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi ölkəmizdə gənc hüquqşünaslar arasında məhkəmə müsabiqələrinə, vəkil peşəsinə marağın artırılması ilə yanaşı, hüquqşünas tələbələrin beynəlxalq arenaya çıxışının intensivləşməsinə təkan verməkdir.
Müsabiqənin Azərbaycan raundunda Bakı Dövlət Universitetinin və Dövlət Gömrük Komitəsi Akademiyasının hüquq fakültələrinin komandaları iştirak ediblər. Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş üzrə keçirilən müsabiqə yeni yaranan və aktual beynəlxalq hüquq problemlərinə dair məsələləri əhatə edib.
Komandaların gərgin və maraqlı mübarizəsinin sonunda Bakı Dövlət Universitetinin təmsilçiləri qalib adını qazanıblar.
Müsabiqə hüquqşünas tələbələrin vəkillik, hüquqi təhlil, yazı və müdafiə bacarıqlarını sınağa çəkir və onlarda bu sahələr üzrə zəngin təcrübə formalaşdırır. Bununla da gənc hüquqşünaslar tələbəlik illərindən beynəlxalq məhkəmə təcrübəsinin yaxından iştirakçısına çevrilirlər. Ölkəmizdə beynəlxalq səviyyəli gənc vəkillərin yetişməsində belə yarışların önəmini nəzərə alan Vəkillər Kollegiyası növbəti illərdə də bu müsabiqənin milli seçimlərinə dəstək verəcək.
Filip Cessup beynəlxalq məhkəmə müsabiqəsinin bu il 60 illiyi tamam olur. Ümumilikdə 100-ə qədər ölkədəki 700 hüquq məktəbində təhsil alan 3 min tələbənin qatıldığı müsabiqənin milli raundlarında qalib gələn komandalar Vaşinqtonda keçiriləcək beynəlxalq raundlarda iştirak edəcək.
Bu müsabiqənin Azərbaycan seçimlərinə Vəkillər Kollegiyasının dəstək verməsi təsadüfi deyil. Belə ki, son bir ildə sürətlə inkişaf edən vəkillik institutunun bazası olan hüquqşünas tələbələrin hələ tələbəlik dövründə vəkillik bacarıqlarının inkişafına dəstək vermək Kollegiyanın uzunmüddətli perspektivdə qarşısına qoyduğu hədəflərdən biridir. Məsələnin aktuallığı həm də Azərbaycan Respublikası Prezidentinin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gəlir. Sərəncama əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması Kollegiyaya tövsiyə olunub.